In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Sənayenin yaşıllaşdırılması: Azərbaycanın pelet istehsalçısı “Green Blue” MMC EU4Environment təşəbbüsü çərçivəsində şirkətlərin qiymətləndirməsində iştirak etməkdən faydalanır

26 fevral, 2024
Sənayenin yaşıllaşdırılması: Azərbaycanın pelet istehsalçısı “Green Blue” MMC EU4Environment təşəbbüsü çərçivəsində  şirkətlərin qiymətləndirməsində iştirak etməkdən faydalanır

İqlim dəyişikliyinin bariz təhlükələri istixana qazları emissiyalarının azaldılması zərurəti ilə birlikdə biokütlədən enerji mənbəyi kimi tələbatın artmasına və istifadəsinə səbəb olmuşdur. Dünyanın isitməyə yüksək tələbatın olduğu bəzi bölgələrində (məsələn, sərt və uzun qış fəsli olan ölkələr və regionlar) ağac gövdəsi, ağac yonqarları və ya ağac peleti şəklində oduncaq biokütlə istilik istehsalı üçün ənənəvi vasitəyə çevrilmişdir.[1]

Xüsusilə ağac peletləri son 15 ildə kifayət qədər populyarlaşıb. Bu gün onlar bərpa olunan, ekoloji cəhətdən təmiz və dayanıqlı bir seçim olaraq qəbul edildiyi üçün ümumən enerji mənbəyi kimi istifadə olunur. Bu yanaşma son tələbat tendensiyalarına uyğundur, belə ki, odun peletləri üçün qlobal bazarın həcmi 2021-ci ildə 8,23 milyard ABŞ dolları (6,96 milyard Avro) səviyyəsində qiymətləndirilir və 2022-ci ildən 2030-cu ilə qədər proqnozlaşdırılan illik artım tempi 5,5% təşkil edir.[2]

İstehsal prosesi

Odun peletlər sıxılmış yonqar və taxta-şalban xammalın kəsilməsi nəticəsində yaranan əlaqəli sənaye tullantılarından hazırlanmış ekoloji cəhətdən təmiz və bərk yanacaqdır.[3] İstehsal prosesi ağacın kiçik hissəciklərə üyüdülməsini nəzərdə tutur və üyüdülmüş kütlə sonradan qurudulur və kiçik silindrik peletlər şəklində sıxılır. Peletlərin istehsalında keyfiyyətə nəzarət daha sonra biokütlədə tozun aşağı səviyyədə saxlanmasını təmin etməklə yaxşı alışma xüsusiyyətinə malik yanacağa səbəb olur. Şəkil 1 (aşağıda) istehsal prosesini daha ətraflı təsvir edir.

 

Şəkil 1. Ağac pelet istehsal prosesi.

Peletlər bütün istehlakçılar üçün ilboyu yanacaq tədarükü təmin etmək məqsədilə anbarlarda və silosda saxlanılır. Ağac peletləri həmçinin nəmi sürətlə udduqları üçün qapalı məkanlarda və quru şəraitdə saxlanmalıdır. İstehsal prosesi başa çatdıqdan sonra peletlər saxlama və istifadə üçün müştərilərə daşınmazdan əvvəl istehsalat obyektlərində saxlanılır. Bələdiyyə istilik şirkətləri və mənzil kooperativləri kimi iri ölçülü istifadəçilər öz peletlərini adətən böyük siloslarda saxlayırlar. Kiçik ölçülü istifadəçilər peletlərini daxili saxlanc otaqlarında və ya anbarlarda saxlayırlar.

Ağac peletinin yanacaq kimi istifadəsinin üstünlükləri

Ağac peletlər adi yanacaqla müqayisədə bir sıra üstünlüklərə malikdir, məsələn:

  • Xərc-səmərəli: Ağac peletlər adi yanacaqlardan (neft və ya təbii qazla müqayisədə) təxminən 50% ucuz başa gəlməklə bir sıra iqtisadi faydalar verir; onlar həmçinin yanacaq enerjisinin 90%-dən çoxunu istifadəyə yararlı istiliyə çevirərək yüksək səmərəli istilik vasitəsidir.
  • Komfort: mərkəzi isitmə sistemlərində istifadə edilən ağac peletlər yüksək istifadəçi rahatlığı, asan istismar və idarəetmə təmin edir və təmizdir. Bundan əlavə, avtomatlaşdırılmış proseslər (yanacaq tədarükü, alışma, nəzarət, təmizləmə və külün təmizlənməsi) bu isitmə seçimini daha rahat edən digər aspektlərdir.
  • Ekoloji təmiz: ağac peletlər ekoloji cəhətdən təmiz enerji mənbəyidir, çünki ağac böyüməsi ərzində yandırıldığı zaman buraxılan CO2 miqdarı udur (əgər dayanıqlı meşələrdən əldə edilirsə). Bu peletlər həmçinin soba yağı (mazut) ilə müqayisədə CO2 emissiyalarının 95%-dən çox azalmasına nail olur. Peletlər səmərəli yanma xüsusiyyəti ilə (yanma zamanı minimum səviyyədə qaz emissiyaları yaradır) ilə quru yanacaq növü olduğu üçün az miqdarda emissiya buraxır.

“Green Blue” MMC və onun Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) yolunda addımları

“Green Blue” MMC Azərbaycandan olan ağac peletləri istehsalçısıdır. Şirkət ölkənin qərb hissəsində, Azərbaycanın dördüncü böyük şəhəri olan Mingəçevirdə yerləşir. “Green Blue” MMC 1500 kq/saat xətt gücü əsasında 8 və 9 mm diametrli peletlər istehsal edən kiçik pelet istehsalı müəssisəsi kimi fəaliyyət göstərir.

Əsas proses ağac tullantılarının yanacaq peletlərinə çevrilməsini təmsil edir. Şirkət, fəaliyyətinin ilk dövrlərində yalnız ağac emalı nəticəsində yaranan ağac tullantılarına diqqət yetirirdi. Zaman keçdikcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə birgə həyata keçirilən innovativ bir layihənin tərkib hissəsinə çevrildikdən sonra müəssisə budaqların, ağacların, kolların, eləcə də onların qalıqlarının emalına başladı. İstehsal olunan məhsullar hazırda qürurla həm yerli, həm də beynəlxalq bazarlara müxtəlif formalarda satılır (məsələn, yanacaq peletləri evin səmərəli isidilməsi üçün kiçik qazanlarda istifadə olunur).

Şirkətin prioritet istiqamətlərindən biri öz məhsullarının yüksək keyfiyyətini təmin etməkdir. Belə ki, xammalın nəmliyinə nəzarət effektiv istehsal prosesi üçün vacibdir, çünki peletlərin populyarlığı onların aşağı nəmliyə (10%-dən aşağı) malik olmasından irəli gəlir ki, bu da yanma zamanı yüksək istilik və minimum tüstülənməyə zəmanət verir. Düzgün nəm səviyyəsini saxlamaq çox vacibdir; ifrat nəmlik (11-12%) peletlərin parçalanmasına gətirib çıxarır və onları isitməyə yararsız hala gətirir, çox aşağı rütubət də (5% -dən aşağı) oxşar təsir göstərir. Buna görə də, pelet istehsalı prosesi xammalın qurudulmasını adlayır, çünki ağac tullantıları artıq qurudur və hazırda şirkət peletlərin rütubət səviyyəsinə nəzarət edə bilmir.

Peletlərin istehsal prosesi həmçinin sağlam profilaktika və mühafizə tədbirləri tələb edən potensial yanğın və ya partlayış təhlükələrini ehtiva edir, çünki xammalın uzun müddət saxlanması zamanı spontan alışma riski yarana bilər. Toz əmələ gəlməsi pelet istehsalı zamanı ortaya çıxan başqa bir problemdir. Burada toz toplama sistemi ətraf mühit şəraitini yaxşılaşdıra, materialın təkrar emalını təşviq edə və yanğın riskini azalda bilər.

Şirkət bu yaxınlarda EU4Environment təşəbbüsü çərçivəsində müxtəlif RSDTİ tövsiyələri aldığı RSDTİ Nümayiş Layihəsini tamamlamışdır. Hal-hazırda şirkətin əsas məqsədi resurs səmərəliliyini və işçilərinin rifahını yaxşılaşdırmaq, habelə ümumi qayə olaraq ətraf mühitə mənfi təsiri azaltmaqdan ibarətdir.

RSDTİ qiymətləndirməsi zamanı RSDTİ ekspertləri bir neçə variant müəyyən etmiş və şirkətin öz məqsədlərinə çatmasına daha çox dəstək verə biləcək üç variantı vurğulamışlar. Bu tədbirlər aşağıdakılardan ibarətdir:

  • Xammal üçün davamlı rütubət səviyyəsini saxlamaq məqsədilə əlverişli seçim kimi aşağı temperaturlu kəmər qurutma maşınının tətbiqi (şirkətin quruducu olmadan yüksək nəmlik tərkibinə malik xammalı qəbul edə bilməməsini kritik amildir)
  • istehsal prosesi zamanı yüksək riskli ərazilərdə yanğınların qarşısını ala bilən və işçiləri qoruya bilən yanğın xəbərdarlığı və söndürmə sisteminin quraşdırılması. Bu sistem qığılcımları aşkar edərək və potensial yanğın mənbələrini yanğına və ya toz partlayışına çevrilməzdən əvvəl söndürməklə işləyir.
  • quru materialların emalı zamanı yaranan tozun aradan qaldırılması üçün toz toplama sisteminin tətbiqi.

Təklif olunan hər üç tədbir üçün ümumi investisiya məbləği 70.000 Avro təşkil edir, halbuki yalnız ilk RSDTİ seçimlərinin tətbiqindən potensial illik qənaət 200.000 Avro olacaqdır.