Sənayenin Yaşıllaşdırılması – Azərbaycanın tekstil məhsulları istehsalçıları olan Alyans, Baku və BETEX şirkətləri EU4Environment layihəsi çərçivəsində müəssisələrin qiymətləndirilməsində iştirakdan faydalanır.
Dünyada tekstil bazarı ildə 4% artım tempi ilə təxminən bir milyard avro dəyərində qiymətləndirilir. Bu rəqəm geyim və toxuculuq sektorunu dünyada dördüncü mövqeyə çıxarmaqla öz növbəsində onlara 300 milyon nəfərə çatan işçi qüvvəsindən istifadə etməyə və ümumilikdə iqtisadiyyatın, cəmiyyətin və ətraf mühitin inkişafına güclü təsir göstərməyə imkan verir.
Sürətli moda da e-ticarət platformaları və pərakəndə şirkətlər vasitəsilə, əsasən onlayn mühitdə geniş şəkildə təbliğ edilməkdədir. Sürətli modanın yüksəlişi ilə geyim, ümumilikdə ucuzlaşmış, tez dəyişən (trendlərlə ayaqlaşmaq üçün) olmuş və alınması asanlaşmışdır. Lakin, bu cür nailiyyətlər çox vaxt ətraf mühitə zərər və işçilərin sağlamlığı hesabına əldə edilir. Məhsullar çox vaxt keyfiyyətsiz olduğundan, işçilərə az maaş verilir (geyim istehsalının aşağı maya dəyərinə görə) və ya onlar normadan çox işləyir və əksər tekstil məhsulları qısa müddət istifadə edildikdən sonra zibilxanaya atılır. Tekstil məmulatlarının istehsalı liflər, parçalar və qeyri-toxunma məhsulları istehsal etmək üçün adətən böyük miqdarda su, enerji və kimyəvi maddələr tələb edir. Beləliklə, tekstil sənayesi bütün çayların və torpaqların çirklənməsində və elektrik enerjisi istehsalında 20% paya malikdir.
Yeni geyimlərin yaradılması üçün istehsalda və qablaşdırmada kimyəvi maddələrdən, eləcə də böyük miqdarda sudan istifadə olunur (tək bir köynək istehsalı üçün 2700 litr su tələb olunur). Su, kimyəvi maddələr və enerji istehlakına əlavə olaraq (materialların istehsalı və onların tamamlanması üçün), istixana qazlarının buraxılması ilə müşayiət olunan yüksək miqdarda enerji istehlakı (istehsalda və nəqliyyatda) bütövlükdə sənayenin ətraf mühitə təsirini artırmış olur. Beləliklə, bu problemlər dayanıqlı və vahid yanaşma ilə həll edilməlidir. BMT-nin Dayanıqlı Moda Alyansı və Aİ-nin Dayanıqlı Tekstil üzrə Strategiyası kimi təşəbbüslər DİM-lərə nail olmağa töhfə verən moda dəyər zəncirlərinə yönəlmiş layihələri və siyasətləri təşviq etməyə xidmət edir. Bundan əlavə, müəssisə səviyyəsində istehsalçılar resurs səmərəliliyinə töhfə verən yanaşmaları mənimsəməyi və xətti istehsal proseslərini dairəvi və hətta sıfır tullantı modellərinə keçirməyi öyrənə bilərlər. Bəs geyim istehsalı prosesi hansı mərhələlərdən ibarətdir?
Geyimlərin istehsal prosesi
Geyimlər üçün parçalar hazırlamaq məqsədilə xam materiallar lazımdır; bunlar ya bitkilərdən (pambıq, kətan) və heyvanlardan (ipək, yun) yığıla ya da sintetik (neylon, polyester) üsulla yaradıla bilər. İstehsal prosesi daha sonra üç fərqli prosesə bölünür: xam liflər iplik və saplara çevrilir, sonra ayrı-ayrı hissələrdən parça toxunur və nəhayət, parça emal olunaraq (burada parçanı boyalar və funksional kimyəvi maddələrlə işləmək üçün ilkin emal prosesləri həyata keçirilə bilər) hazır məhsul kimi paylanmağa hazır olur. Geyimlər ən məşhur tekstil məhsulları olsa da, parçalar məişət əşyaları, pərdələr və bir çox başqa məhsullarda da istifadə olunur.
Azərbaycanda toxuculuq sənayesi
Azərbaycan iplik, paltar, xalça, dəri, ayaqqabı istehsalı sahəsində qədim ənənələrə malikdir. İpək və yun emalı mahiyyət etibarilə cəmiyyətlə bağlı olmuş və bəzi əşyalar indi qeyri-maddi mədəni irsə çevrilmişdir. Bunlara, hazırda YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olan Kəlağayı (qadın ipək baş örtüyü) və ənənəvi xalça toxuculuğu sənəti aiddir.
Mənbə: Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı
Hazırda ölkə rəhbərliyi sənaye sahələrini daha da inkişaf etdirmək məqsədilə “2017-2022-ci illərdə pambıqçılığın inkişafına dair Dövlət Proqramı” kimi təşəbbüslərlə geyim istehsalının modernizasiyasına sərmayə qoyur. 2019-cu ildə iplik məmulatlarının, geyim və ayaqqabıların pərakəndə satış dəyəri 1,5 milyard avrodan çox olmuş, “Bakı Tekstil” MMC isə Azərbaycanın toxuculuq sənayesinin ən böyük adlarından birinə çevrilmişdir (5000-dən çox müxtəlif çeşiddə toxuculuq məhsulları istehsalı). Həmin il ölkə Avropa İttifaqına 2,2 milyon avro dəyərində toxuculuq məhsulları ixrac edib ki, bunun da böyük hissəsini geyilmiş paltarlar (79%), ondan sonra geyim və geyim aksesuarları (trikotaj və ilmə ilə toxunmuş) (10%), pambıq (6%) və xalça və pərdələr (1%) təşkil etmişdir. Azərbaycan istehsalçılarının əksəriyyəti Bakı ətrafında və digər iri şəhərlərdə yerləşən Kiçik və Orta Müəssisələrlə (KOB) təmsil olunur. Bunu, həmçinin “EU4Environment” Fəaliyyəti çərçivəsində UNIDO-nun Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) komponentində nümayiş şirkəti layihəsinə qoşulmuş üç Azərbaycan tekstil istehsalçısı haqqında söyləmək olar:
Alyans Tekstil MMC
Sumqayıt şəhərində yerləşən “Alyans Tekstil” MMC iş geyimləri və xüsusi geyimlər (kombinezonlar, kostyumlar, gödəkçələr və s.), eləcə də təhlükəsizlik ayaqqabılarının istehsalı, o cümlədən hər cür Fərdi Qoruyucu Vasitələrin (respiratorlar, dəbilqələr, əlcəklər, qulaq tıxacları və s.) topdan satışı ilə məşğul olur. 134 işçisi ilə Alyans Tekstil MMC toxuculuq məhsullarının dizaynından tutmuş rəfə hazır məhsulların istehsalı üzrə ixtisaslaşmışdır. RSDTİ monitorinq səfərləri zamanı şirkət ümumilikdə istehsal prosesini təkmilləşdirmək yollarını (o cümlədən enerji səmərəliliyi və tullantıların idarə edilməsi baxımından) müəyyən etməyə maraq göstərmişdir.
Bakı Tekstil MMC
“Bakı Tekstil” MMC Azərbaycanın paytaxtında yerləşən, 147 işçisi olan və uniforma, corab və iş geyimlərinin istehsalı (birbaşa müştərilərdən gələn sifarişlərə uyğun) üzrə ixtisaslaşmış şirkətdir. Şirkət ən son xammal və mövcud texnologiyalardan istifadə etməklə yanaşı, istehsal xəttinə müasir təcrübə gətirən xarici mütəxəssislərin töhfəsindən faydalanır. Hazırda şirkət, 5000-dən çox fərqli çeşiddə yüksək keyfiyyətli toxuculuq məhsulları, habelə dövlət və milli xidmət şirkətləri üçün nəzərdə tutulmuş müxtəlif məhsullar istehsal edir. Ekoloji göstəricilərinə görə narahatlıq duyan Bakı Tekstil MMC tullantıları və enerji istehlakını azaltmaq üçün UNIDO-nun RESDTİ Nümayiş Layihəsinə qoşulmağa maraq göstərmişdir.
BETEX Tekstil MMC
“BETEX Tekstil” MMC Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən toxuculuq məhsulları istehsalçısıdır. 2020-ci ilin dekabr ayında yaradılan bu şirkət müasir avadanlıq və qurğularla işləyir. Şirkət şalvar, köynək, mantiya (xalat) və digər geyim əşyalarının istehsalı üzrə ixtisaslaşmışdır. 18 işçisi olan şirkət həm daxili, həm də beynəlxalq (əsasən Türkiyədən) sifarişləri yerinə yetirir. Sifarişlərin həcmindən asılı olaraq “Bakı Tekstil” MMC-nin işçiləri istehsal xəttində əməkdaşlıq etmək üçün BETEX Textile MMC-yə gəlirlər. Keçmişdə şirkət tibbi maskalar da istehsal edirdi. Hazırda şirkət, tullantıları azaltmaq, enerjiyə qənaəti yaxşılaşdırmaq və günəş panelləri quraşdırmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerji istehsalını artırmaq üçün RSDTİ Nümayiş Layihəsindən faydalanmağı hədəfləyir.
Öz istehsallarını təkmilləşdirmək və toxuculuq dəyər zəncirində dairəvi iqtisadiyyat təcrübələrinin təşviqində fəal lider olmağa həvəs göstərən Alyans Tekstil MMC, Bakı Tekstil MMC və BETEX Tekstil MMC nümayiş şirkəti statusunda EU4Environment çərçivəsində UNIDO RSDTİ Layihəsinə qoşulmuşlar. RSDTİ layihə komandası tərəfindən 2021 və 2022-ci illərdə müəssisələrə həyata keçirilən bir neçə səfər zamanı mövcud boşluqlar, o cümlədən resurslardan istifadəni yaxşılaşdıracaq və tullantıları minimuma endirəcək fürsətlər müəyyən edilmişdir. Bu fürsətlər davam edən qeyri-səmərəli üsulları qiymətləndirmək üçün məlumatların təhlilinə və hesablamalara əsaslanır. RSDTİ komandası hər bir şirkət üçün resurs səmərəliliyinə dair hesabatları yekunlaşdırdıqdan sonra, təsbitlər həmin müəssisələrə ətraf mühitə mənfi təsirlərini azaltmağa və səmərəliliyi və rəqabət qabiliyyətini yaxşılaşdırmağa, eyni zamanda toxuculuq sənayesində dairəvi və dayanıqlı istehsal vasitələrinin təşviqində fəal rol oynamağa imkan verəcəkdir.